Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




15-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi

7-ci Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi


Yubiley inşaat zəfəri!


21-24 oktyabr 2009, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı, Azərbaycan

 

21.10.2009

 

Оktyabr ayının 21-də Bakı şəhərində “BakuBuild” sərgisinin açılış mərasimi keçirildi. Hər il təşkil edilən bu sərgi bu il həm də özünün on beş illik yubileyini qeyd edir. “BakuBuild” sərgisi ilə yanaşı, 7-ci Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi (“Caspian MebelExpo”) də keçirilir. Sözügedən bu sərgilər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanın təşkilatları, eləcə də Azərbaycan Respublikası Memarlar İttifaqının dəstəyi ilə keçirilir.

Böyük Britaniyanın “ITE Group Plc” şirkəti və onun Qafqaz üzrə tərəfdaşı “Iteca Caspian”, eləcə də xarici şirkətlərin Azərbaycan sərgisinə cəlb olunması istiqamətində fəaliyyət göstərən “ITE Group plc” şirkətinin tərəfdaşlar şəbəkəsi – “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “International Show srl” (İtaliya), “ITE Gulf” (Dubay) və “ITE China” (Çin) şirkətləri bu sərginin təşkilatçıları qismində çıxış edirlər.

Sərginin rəsmi açılış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparatının rəhbəri Elmar Hüseynzadə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbər müavini Elxan Əsədov, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Vitse-prezidenti Mehman Əhmədov, Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolayn Braun, Türkiyənin Azərbaycandakı səfiri Xulusi Kılıc, İran İslam Respublikasının Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami, Yunanıstanın səfiri cənab Yoanis Metaksas və “ITE Group Plc” şirkətinin Regional direktoru cənab Edvard Stroon iştirak etdilər.

Çıxış üçün ilk söz cənab Əsədova təqdim edildi. Sərginin xarici və yerli iştirakçılarını salamlayan cənab Əsədov öz nitqində bunları qeyd etdi: “Mən bu yubiley inşaat sərgisində sizinlə birgə olmağıma çox şadam. Bu sərgi öz ərazisinə görə regionda ən iri sərgi sayılır və bu, Azərbaycanın inşaat sektorunda qazandığı iqtisadi nailiyyətləri əks etdirir. Mən hələ sərgiyə hazırlıq işləri ilə maraqlanan zaman bir sıra yerli şirkətlərlə görüşdüm və gözəl bir faktın şahidi oldum – beş-altı il bundan əvvəl sərgiyə ziyarətçi qismində gələn şirkətlər, bu gün artıq sərgidə öz stendləri ilə iştirak edirdilər”. Öz çıxışının sonunda cənab Əsədov iştirakçıları və təşkilatçıları yubiley sərginin açılışı münasibəti ilə təbrik edərək hamıya yeni tərəfdaşlar və faydalı müqavilələr arzuladı.

Cənab Əhmədov isə qeyd etdi ki, qlobal maliyyə-iqtisadi böhranın fonunda bu il keçirilən “BakuBuild” sərgisinin uğuru Azərbaycanın iqtisadiyyatında əldə olunmuş yüksək nailiyyətlərin əyani təzahürüdür. Xarici həmkarlar üçün Azərbaycan bazarı əməkdaşlıq baxımından yeni imkanlar təqdim edir. Cənab Əhmədov həmçinin onu da qeyd etdi ki, bu sərgi müxtəlif ölkələrdən olan gələcək tərəfdaşlar ilə görüşmək üçün də əla bir fürsətdir. O, yubiley “BakuBuild” sərgisinin bütün iştirakçılarına uğurlar və məhsuldar iş arzuladı.

Sərgi iştirakçılarını salamlayan cənab Kılıc hamını 15 illik yubiley münasibəti ilə təbrik etdi: “Biz hamılıqla Azərbaycanda baş verən iqtisadi artımın şahidləriyik və bugünkü sərgi bunu bir daha sübut edir. Türkiyə daim Azərbaycanın yanında olmuşdur və bu ölkəyə olan maraq səngimir. Misal üçün bu il sərgidə Türkiyədən rekord sayda şirkət iştirak edir”.

Daha sonra söz xanım Brauna təqdim olundu: “Mən də bir az bundan əvvəl çıxış edən bütün natiqlərlə həmfikirəm və sərgi iştirakçılarına uğurlar və məhsuldar iş arzulayıram. Təşkilatçılara belə iri həcmli tədbiri təşkil etdikləri üçün öz minnətdarlığımı bildirirəm və sərginin bütün iştirakçılarını 15 illik yubiley münasibəti ilə təbrik edirəm.

Cənab Stroon rəsmi açılış mərasiminin iştirakçı və qonaqlarını sərgi təşkilatçıları adından bu yubiley münasibəti ilə təbrik etdi. “Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu il sərgidə dünyanın 27 ölkəsinin 270 şirkəti iştirak edir. Bu çox diqqətəlayiq bir faktdır, çünki mən 1995-ci ildə keçirilən ilk sərgini gözəl xatırlayıram. Digər üç sərgi ilə birgə keçirilən həmin sərgidə cəmi 25 şirkət iştirak edirdi. Bu gün mən bütün bu illər ərzində bu əzəmətli nailiyyətlərin əldə olunmasında iştirak edən bütün insanlara öz təşəkkürümü bildirmək istəyirəm. Mən həmçinin sərgidə ilk dəfə iştirak edən şirkətləri də salamlamaq istərdim. Bu il onlar sərgi iştirakçılarının ümumi sayının 30%-ini təşkil edirlər. İcazə verin, “BakuBuild” sərgisində milli stendlərin təşkil olunmasında bilavasitə iştirak etmiş xarici ölkələrin bütün müvafiq nazirliklərinə öz minnətdarlığımı bildirim. Bununla əlaqədar, sərginin debütantları – İran və Litvanın milli stendlərini, eləcə də Almaniya, Belarus və Türkiyənin kollektiv stendlərini də salamlayıram. Mən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Memarlar İttifaqı, Azərbaycanın təşkilatları, eləcə də Heydər Əliyev adına İdman və Konsert Kompleksinin rəhbərliyi tərəfindən göstərilən son dərəcə əhəmiyyətli dəstəyi xüsusilə qeyd etmək istərdim”. Öz çıxışının sonunda cənab Stroon hamını 23 oktyabr tarixində sərgi çərçivəsində keçiriləcək dəyirmi masada iştirak etməyə dəvət etdi.

Sərginin rəsmi açılış mərasimindən sonra sərgi ərazisi boyu “VİP” tur keçirildi. Bu tədbirdə dövlət təşkilatları, səfirliklər, iri şirkətlər və mətbuat nümayəndələri iştirak etdilər.

Bu il “BakuBuild” sərgisi hamını öz geniş miqyası ilə heyrətləndirdi. Heydər Əliyev adına İdman və Konsert Kompleksinin hər üç pavilyonunu əhatə etmiş bu sərgi, geniş çeşiddə inşaat materialları, sanitariya texnikası, bəzək-naxış materialları və bir çox digər materiallar təqdim etdi. Bayırda yerləşən meydançalar isə dünyanın aparıcı istehsalçılarının tikinti nəhəngləri tərəfindən tutulmuşdu. Şirkətlərin stendlərində ziyarətçilər ilə fəal iş aparılırdı; burada onlara daş və ya şüşə emalı üzrə müxtəlif texnologiyaların üstünlükləri nümayiş etdirildi və təklif olunan material və texniki yeniliklər ətraflı şəkildə izah olundu. Milli alman stendində metal üzərində bədii əsərlər yaradan usta öz məharətini nümayiş etdirirdi. Bu ilki sərgini fərqləndirən cəhətlərdən biri də sərgidə çoxsaylı orijinal və rəngarəng stendlərin olması idi. Burada təqdim olunan bütün məhsullar ilə yaxından tanış olmaq, onlara toxunmaq, bəzi hallarda isə onların keyfiyyətini yoxlamaq mümkündür.

Yubiley “BakuBuild” sərgisi peşəkarları da yaddan çıxarmayıb. Yeni başlayan ustalar üçün sərgi ərazisində “Təmir məktəbi” fəaliyyət göstərir. Burada mənzil və ya ofisin təmiri, eləcə də layihələndirilməsi ilə bağlı sualları olan ziyarətçilər tikinti işinin peşəkarlarından faydalı məsləhətlər ala, həmçinin otağın bəzədilməsi, elektrik təchizatı ilə təmin edilməsi və dizayn işində şəxsən iştirak edə bilərlər.

“Caspian MebelExpo” sərgisi isə interyer və otaqların daxili dizaynı üçün geniş çeşiddə müxtəlif texnologiyalardan istifadə etməklə hazırlanmış yaraşıqlı dekorativ divar kağızları, xalçalar, ev üçün parçalar, işıqlandırma cihazları, güzgülər və büllur məmulatlar təqdim edir. Bundan əlavə, istehsalçılar fabrik mallarından savayı fərdi dizayna əsasən hazırlanmış eksklüziv ev interyeri əşyalarını da sifariş etmək imkanını təqdim edirlər. Sərgidə interyer dekoru üzrə təkmilləşdirmə kursları da təşkil edilib. Burada təcrübəli mütəxəssislər interyerin bəzədilməsi və tərtibatı üzrə maraqlı həll variantları nümayiş etdirirlər.

İnşaat və mebel sərgilərinin birgə keçirilməsi əlaqəli sahələrdə tərəfdaşlara ehtiyacı olan şirkətlərin daha effektiv şəkildə əməkdaşlıq etmələrinə şərait yaradır. Sərgidəki bu müxtəliflik ziyarətçilərə və mütəxəssislərə tikinti sektorunun təqdim etdiyi bütün təkliflər ilə yaxından tanış olmaq imkanını təmin edir. Bundan əlavə, sözügedən layihələrin birləşdirilməsi sayəsində ziyarətçilər vaxta qənaət etməklə yanaşı, sərginin 4 iş günü ərzində satınalma, mənzillərin təmiri və mebellə təchiz edilməsi kimi məsələləri də həll edə biləcəklər.

Növbəti il sərgi 20-23 oktyabr tarixlərində keçiriləcək.

 

 

 

15-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi

7-ci Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi


PARTNYORLAR




www.mbask.az

VALYUTA MƏZƏNNƏSİ
  25/11/2020 26/11/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek