Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






22.10.2013 12:08

Xəzəryanı regionun inşaat sahəsində ən böyük tədbiri - “BakuBuild 2013” 19-cu Azərbaycan Beynəlxalq “İnşaat” sərgisi 23 oktyabr tarixində Bakı Ekspo Mərkəzində öz qapılarını ziyarətçilərin üzünə açacaq və bununla da “Xəzər İnşaat Həftəsi”nə start veriləcəkdir.

Xəzəryanı regionun inşaat sahəsində ən böyük tədbiri - “BakuBuild 2013” 19-cu Azərbaycan Beynəlxalq “İnşaat” sərgisi 23 oktyabr tarixində Bakı Ekspo Mərkəzində öz qapılarını ziyarətçilərin üzünə açacaq və bununla da “Xəzər İnşaat Həftəsi”nə start veriləcəkdir. İlk dəfə olaraq, Bakı Ekspo Mərkəzinin bütün dörd zalı, eləcə də kompleksin foyesi və xarici meydançası iştirakçılar tərəfindən tam tutulub.

 

Bu il sərgi meydançası üzrə 20% artım nümayiş etdirən “Xəzər İnşaat Həftəsi” dünyanın 32 ölkəsindən 490 şirkəti bir araya gətirəcək. Sözügedən şirkətlər ziyarətçilərə ən müasir və qabaqcıl inşaat texnologiyalarını, tikinti materiallarının geniş çeşidini, eləcə də santexnika və tikinti-inşaat texnikasını təqdim edəcəklər. Sərginin builki ekspozisiyasına həm açıq meydançalar, həm də qapalı ərazilər üçün nəzərdə tutulmuş idman inventarı və uşaq meydançaları, habelə mebel əşyaları daxildir. Şəhər dekorasiyasında tətbiq olunan işıqlandırma və səs avadanlıqları isə “BakuBuild 2013” sərgisinin yeni bölümünü təşkil edəcək. Öz məhsullarını Xəzər regionunun bazarına çıxarmaq üçün “BakuBuild” sərgisini başlanğıc platforma kimi seçən debütantlar isə ümumilikdə bütün iştirakçıların 50%-ni təşkil edirlər. “BakuBuild 2013” sərgisində sponsorların tərkibi də genişlənib, belə ki, bu il sərginin “Qızıl” sponsoru qismində “Norm” şirkəti çıxış edir. Həmçinin, “Holcim Azerbaijan” və “Emirates Steel” şirkətləri də sərginin sponsorları qismində iştirak edirlər. “Iteca Caspian” şirkəti tərəfindən 2013-cü ildə keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı “SafeLife” şirkətidir. Sərginin rəsmi otelləri qismində “Jumeirah Bilgah Beach Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları, rəsmi turoperatoru qismində isə “Greenwich Travel Club” şirkəti çıxış edirlər.

 

Bu il “BakuBuild” sərgisinin vizit kartı öz ölkələrinin ticarət-sənaye palataları və dövlət strukturlarının dəstəyi çərçivəsində iri milli qruplarla iştirak edən şirkətlərdir, belə ki, builki sərgidə Almaniya, Yunanıstan, İtaliya, İran, BƏƏ, Portuqaliya və Finlandiyadan yeddi milli qrup iştirak edəcək. İtaliyanın Breşiya və Milan şəhərləri, eləcə də Novara vilayətinin sahibkarlarından ibarət qrup sayca çoxluq təşkil edir (67 şirkət). “Dubai Exports” təşkilatının kurasiyasında olan BƏƏ milli qrupu sərgidə ilk dəfə iştirak edir. Həmçinin, sərgidə Türkiyə sahibkarlarının kollektiv iştirakı da təşkil olunacaq. Çin şirkətləri isə bu il daha geniş meydançada təqdim olunurlar.

 

Sevindirici haldır ki, bu il yerli iştirakçıların da sayı artmışdır və onlar sərgi meydançasının         38%-ni tuturlar. “BakuBuild 2013” sərgisində Azərbaycan şirkətləri tikinti materialları və inşaat xidmətləri üzrə çoxşaxəli yerli istehsal sənayesini nümayiş etdirəcəklər. Yerli şirkətlərin daimi tərkibi bu layihənin onlar üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut edir. Bu şirkətlərin arasında “Akkord”, “Azbentonit”, “Baku Steel Company” (Bakı Polad Zavodu), “Basf Caspian”, “Enilik”, “Holcim Azerbaijan”, “Gilan Holding”, “Mətanət A”, “Mr. Fix” və digərləri var.

 

Kompleksin qarşısındakı açıq ekspozisiyada inşaat texnikası üzrə “Akkord”, “Azlift”, “Aztexnika”, “HYDROKON”, “Hyundai”, “Skyjack”, “Dr. Sculze”, “MAN”, “Nowitex”, “JCB”,  “Original Motors”, “Prolink Caspian”, “Toyota Material Handling Azerbaijan”, “Volvo”, “Wirtgen” və “Hitachi” kimi aparıcı şirkətlər məşhur hidravlik ekskavatorlardan tutmuş bərk ramalı özüboşaldan yük maşınları və təkərli yükləyicilər, eləcə də işçi avadanlıqlara uyğun modifikasiya olunmuş ekskavatorlara qədər müxtəlif növ texnikanı nümayiş etdirəcəklər.

 

Sərgi çərçivəsində əsas diqqət eksklüzivlik və innovasiyalara yönəldilib. Bu ilin yenilikləri sırasında unikal santexnika nümunələri, yeni plastik profillər, üzlük plitələri, çoxfunksiyalı şüşə-paketlər, dam və hidroizolyasiya materialları, kabel məhsulları, quru qarışıqlar, LED lampalar, şvellerlər, yeni dizayna malik səyyar kompressorlar, yeni sement növləri, məsaməli beton bloklar, lak-boya örtükləri, yeni nəsil cilalama diskləri, müxtəlif növ lövhələr, izolyasiya sistemləri, tikişsiz borular, müasir istilik və səs izolyasiya materialları, naxış (bəzək) materiallarının geniş çeşidi, metal konstruksiyalar, taxta-şalban evlərin tikintisi və digər məhsul və xidmətlər yer alır.

 

Ənənəvi olaraq, sərgini müşayiət edən işgüzar proqrama təqdimat mərasimləri, seminarlar və ustad dərsləri (“master-klasslar”) daxil olacaq. 24-25 oktyabr tarixində “Dubai Export” şirkətinin təşkilati dəstəyi ilə Dubay və Azərbaycan sahibkarlarının biznes-forumu təşkil olunacaq. 25 oktyabr tarixində isə Xəzər-Avropa İnşaat Klubunun “Regionda inşaat sənayesinin perspektivləri və inkişafı” mövzusunda 3-cü iclası keçiriləcəkdir. Bu tədbir “Iteca Caspian” MMC-nin dəstəyi ilə “Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu” (CEIBC) tərəfindən təşkil olunur. İclas çərçivəsində şəhərsalmanın planlaşdırılması, tikintinin keyfiyyəti və özünütənzimləmə, tikilmiş ərazilərin inkişafı və tarixi mərkəzlərin qorunub saxlanması kimi məsələlər müzakirə olunacaqdır. Dövlət orqanlarının nümayəndələri klub üzvlərini öz fəaliyyətləri barədə məlumatlandıracaq, habelə inşaat sektorunun inkişafı və inşaat sahəsində dövlət standartlarının qəbul olunması ilə bağlı suallara fərdi qaydada cavab verəcəklər. Həmçinin, iclas çərçivəsində sərginin bir neçə iştirakçı-şirkəti öz məruzə və təqdimatları ilə çıxış edəcək. Ümumilikdə isə “Xəzər İnşaat Həftəsi”nin işgüzar proqramı “Danfoss”, “Azsertservis”, “Smartek”, “Studio Bellesi Giuntoli”, “Axis Communications”, “Aereko”, “BASF YKS” MMC, “AAC”, “East Stream”, “Turk Yapı Senaye” və “JUNG Vilnius UAB” şirkətlərinin 14 seminarını ehtiva edir. Təşkilatçılar tərəfindən təklif olunan intensiv ünsiyyət formatı iştirakçılar üçün potensial müştəriləri öz material və avadanlıqlarının üstünlükləri ilə daha səmərəli şəkildə tanış etmək, ziyarətçilər üçün isə bu material və avadanlıqların daha keyfiyyətlisini seçmək imkanı yaradır. İşgüzar tədbirlər proqramı haqqında daha ətraflı məlumat üçün sərgilərin www.bakubuild.az, www.aquatherm-baku.com, www.cips.az veb-saytlarına müraciət edə bilərsiniz.

 

“BakuBuild” sərgisi ilə eyni meydançada “Aqua-Therm Baku 2013” 5-ci Yubiley Beynəlxalq “İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” sərgisi və “CIPS Caspian 2013” 6-cı Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” sərgisi keçiriləcək. “Aqua-Therm Baku 2013” sərgisinin ekspozisiyasına istilik sistemləri, izolyasiya materialları, saunalar, ventilyatorlar, havapaylayıcı avadanlıqlar və digər bölümlər daxildir. “CIPS Caspian 2013” sərgisi isə potensial istehlakçılara etibarlı təhlükəsizlik sistemləri və yüksək intellektual mühafizə vasitələrinin istehsalı sahəsində ən son təkmilləşmələri təqdim edən istehsalçılar, dilerlər və xarici şirkətlərin nümayəndələrini bir araya gətirəcək. Belə ki, sərgi iştirakçıları arasında təhlükəsizlik, siqnalizasiya, video-müşahidə sistemləri, girişə nəzarət vasitələri, yanğın təhlükəsizliyi və yanğından mühafizə siqnalizasiyası sistemləri və bir sıra digər məhsulların istehsalçıları yer alırlar.

 

Bu gün Azərbaycanın inşaat sənayesi ən dinamik inkişaf edən sahələrdən biri hesab olunur və bu da “BakuBuild 2013” ixtisaslaşdırılmış inşaat sərgisinin hər il genişlənən ekspozisiyasında öz əksini tapır. Sərginin uğurla həyata keçirilməsində dövlət orqanları da mühüm rol oynayırlar. “BakuBuild 2013” sərgisi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində Britaniyanın “ITE Group plc” şirkəti və onun tərəfdaşı “Iteca Caspian” MMC çıxış edirlər. Sərginin bu cür uğur qazanması “ITE Group plc” şirkətinin xarici şirkətləri Azərbaycan sərgisində iştiraka fəal şəkildə cəlb edən bütün tərəfdaşlar şəbəkəsinin birgə əməyinin nəticəsidir. Bu tərəfdaşlar sırasında “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE Gulf” (BƏƏ), “International Show srl.” (İtaliya), “ITE China” (Çin) və “ITE Poland” (Polşa) şirkətləri yer alır. Həmçinin, artıq altı ildir ki, “BakuBuild” sərgisi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına layiq görülür.

 

“Xəzər İnşaat Həftəsi” ilə bağlı ən son xəbərlər operativ olaraq sərginin veb-saytlarında və sosial şəbəkələrdə yerləşdiriləcək. Sərgi üçün iştirakçıların rəsmi kataloqu da hazırlanmışdır və bu kataloq neçə illərdir ki, yerli sahibkarların stolüstü kitabına çevrilib. Həmçinin, sərginin rəsmi “Daily News” qəzetinin iki nömrəsini nəşr etmək də planlaşdırılır və həmin nəşrlərdə sərginin iştirakçıları və tədbirlər barədə məlumatlar dərc olunacaq. Ziyarətçilərin rahatlığı üçün sərgi günlərində onları metronun “Nəriman Nərimanov” stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə pulsuz aparıb gətirəcək avtobuslar xidmət göstərəcək.

 

Beləliklə, sərginin dörd iş günü ərzində on minlərlə mütəxəssis inşaat sənayesinin innovasiyaları ilə tanış olmaq, müqavilələr imzalamaq, sahənin aparıcı istehsalçı və distribyutorlarının tərəfdaşı olmaq və bununla da, ölkənin sürətlə inkişaf edən inşaat sənayesində ən yeni texnologiyaları tətbiq etmək imkanı qazanacaqlar.

 

Sərgi 26 oktyabr tarixində öz işini başa vuracaq.

 

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  24/02/2021 25/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek