Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






18.10.2011 12:49

17-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi

Mütəxəssislər arasında “Xəzər inşaat həftəsi” adlandırılan illik “BakuBuild-2011” inşaat sərgisi oktyabr ayının 19-da öz işinə başlayır. Hər il bu sərgidə iştirak edən və ən müxtəlif ölkələri təmsil edən çox mütəxəssis üçün bu tədbir çoxdan bəri gözlənilən bir hadisədir. Sərgini keçirməkdə əsas məqsəd bütünlükdə inşaat sektorunun nailiyyətlərini, o cümlədən ölkəmizin inşaat potensialını nümayiş etdirməkdir. “BakuBuild” sərgisi binaların inşası, təmiri və texniki təminatı sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlar üçün yeni işgüzar əlaqələrin və tərəfdaşlıq münasibətlərinin yaradılması, çoxsaylı müştərilərin cəlb edilməsi, habelə ekspertlər arasında təcrübə və ən yeni məlumatlar üzrə mübadilənin təşkili baxımından unikal bir imkandır. Məlum olduğu kimi, “BakuBuild” sərgisi təkcə peşəkarlar üçün hər il keçirilən forum deyil, həm də geniş auditoriya üçün məhsul və xidmətlərin nümayiş etdirildiyi bir məkandır və burada evlərin tikintisinə və ya təmirinə maraq göstərən hər bir kəs qısa müddət ərzində ən yeni məhsullar, xidmətlər, qiymətlər və keyfiyyət haqqında ətraflı məlumat ala bilər.

Sərginin hər il keçirilməsi tikinti materiallarının və bu sahədə təklif olunan xidmətlərin Azərbaycanlı və xarici istehsalçı və istehlakçıları arasında əməkdaşlığı fəallaşdırmaqla Azərbaycanda və Avropada inşaat bazarının inkişafına yeni stimul verir. Keçirildiyi illər ərzində “BakuBuild” sərgisi beynəlxalq müstəvidə yüksək status qazanmış və “İTE Group plc” şirkətinin layihələri siyahısına daxil olan digər inşaat sərgiləri arasında üç ən iri sərgidən biri kimi öz layiqli yerini tutmuşdur. Sərginin bu müvəffəqiyyəti beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal şəkildə cəlb edən “ITE Group plc” şirkətinin bütün tərəfdaşlar şəbəkəsinin kollektiv işinin nəticəsidir. Onların arasında “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE Gulf” (BƏƏ), “Invernizzi International Show srl.” (İtaliya), “ITE China” (Çin) və “ITE Poland” (Polşa) kimi şirkətlər var. Sərginin uğurla keçməsi üçün dövlət strukturlarının dəstəyi də mühüm əhəmiyyət kəsb edir. “BakuBuild” sərgisinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, həmçinin Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstək verilir. Artıq dörd ildir ki, “BakuBuild” sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (“UFI”) keyfiyyət nişanına layiq görülür. “UFI tərəfindən təsdiq olunub” nişanı tədbirin yüksək səviyyədə təşkil olunduğunu və sərgi ilə bağlı statistik məlumatların doğruluğunu bir daha təsdiq edir.

Bu il sərgi 26 ölkədən 317 şirkəti bir araya gətirməklə həm şirkətlərin sayı, həm də ekspozisiya sahəsi baxımından misilsiz artım nümayiş etdirəcək. Bu artım ötən il ilə müqayisədə 20% təşkil edir. Azərbaycanlı istehsalçı və distribütorlar isə sərgi iştirakçılarının ümumi sayının 35 faizini təşkil edirlər. Yeni bazarların mənimsənilməsini öz qarşılarına məqsəd qoymuş Avropa şirkətləri də Azərbaycana fəal maraq göstərirlər. Beləliklə, Qərbi və Şərqi Avropa ölkələri, Türkiyə, Çin, Koreya, Küveyt, BƏƏ və digər ölkələrdən olan şirkətlər sərgi iştirakçılarının 50 faizini, yaxın xaric ölkələr və MDB məkanından olan iştirakçılar isə təxminən 15 faizini təşkil edirlər. Bu sərgi iştirakçıların geniş tərkibi ilə də fərqlənir. Belə ki, bu il sərgiyə qatılan şirkətlərin 24 faizi bu tədbirdə ilk dəfə iştirak edir. “BakuBuild” sərgisində fərdi stendlər ilə yanaşı, 6 kollektiv ekspozisiya da təqdim olunacaq. Onların arasında milli stendlər və birləşdirilmiş milli qruplar var. Almaniya, İtaliya, Finlandiya və İranın milli stendləri sərginin ənənəvi iştirakçılarıdırlar. Portuqaliyanın milli stendi isə sərgidə ilk dəfədir ki, çıxış edir. Azərbaycan bazarına həmişə prioritet sahə kimi yanaşan türk istehsalçıları bu il çoxsaylı şirkətlərdən ibarət qrup ilə çıxış edirlər.

“BakuBuild 2011” sərgisinin ekspozisiyası tikinti materialları və avadanlıqlar, naxış və üzlük materialları, sanitariya texnikası, pəncərə istehsalı üçün avadanlıqlar, beton və sement istehsalı üzrə texnologiyalar, xüsusi texnika, o cümlədən yol-inşaat texnikası, ərazilərin abadlaşdırılması və arxitektur layihələndirmə üzrə texnika və texnologiyalar, inşaat kimyası məhsulları, ağac emalı avadanlıqları, istehsal xətləri və alətlər, keramika və bir sıra digər məhsulların müxtəlif çeşidini əhatə edir. Bu il landşaft dizaynı bölməsi də geniş təqdim olunacaqdır. “Bakı Ekspo” kompleksinə bitişik olan xarici meydançada isə ABŞ, Türkiyə, Koreya və digər ölkələrin ən etibarlı brendləri tərəfindən daş-karxana işləri və tunellərin tikintisi üçün inşaat texnikası təqdim ediləcək.

“BakuBuild” sərgisini dolğun işgüzar proqram müşayiət edir. Bu proqrama seminarlar, təqdimat mərasimləri və ustad dərsləri daxil olacaq. Sərgi çərçivəsində yeni texnologiyaların nümayişinə xüsusi diqqət verilmişdir. Belə ki, 60%-dən çox sərgi iştirakçısı öz stendlərində sənaye yeniliklərini təqdim edəcək. Məsələn, Azərbaycanın “Mətanət A” şirkəti nanotexnologiyalar əsasında hazırladığı məhsulları ziyarətçilərə nümayiş etdirəcək, “BAUMA” Almaniya-Rusiya Birgə Memarlıq Bürosu isə bir çox maraqlı layihəni, o cümlədən dam örtüyündə bağ olan idman məktəbi layihəsini təqdim edəcəkdir. İlk dəfə olaraq, sərgi çərçivəsində uşaq meydançalarının və fiziki fəaliyyəti məhdud olan şəxslər üçün infrastruktur obyektlərinin quraşdırılması üzrə innovasiyalı təkliflər təqdim olunacaq. Sərgidə nümayiş etdirilən bütün yeni məhsullar haqqında məlumatlar ənənəvi olaraq sərgi başlanmazdan əvvəl dərc edilən “İnnovasiyalar kataloqu”na daxil ediləcəkdir. Bu kataloqda qeyd olunan mal, material və xidmətləri sərgidə asanlıqla aşkar etmək mümkün olacaq, belə ki, bu məhsullar stendlərdə xüsusi bayraqlarla, sərgi planında isə “İnnovasiyalar ərazisi” nişanı ilə qeyd ediləcək.

Bundan əlavə, işgüzar proqram çərçivəsində sərginin ikinci günü, yəni 20 oktyabr tarixində saat 15.00-da “Iteca Caspian LLC” şirkətinin təşkilati dəstəyi ilə Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubu (CEİBC) tərəfindən inşaatçılar klubunun iclası keçiriləcək (iclasın mövzusu: “İnşaat sektorunun inkişafı və perspektivləri”). 200-ə yaxın insanın iştirak edəcəyi bu iclas əsnasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintiyə Nəzarət üzrə Dövlət Agentliyi, Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsi, Standartlaşdırma, Metrologiya və Patentlər üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Əmlak Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə (Kartoqrafiya) Komitəsinin nümayəndələri, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzv şirkətləri, Azərbaycanın aparıcı tikinti şirkətlərinin rəhbər və nümayəndələri, həmçinin inşaat sənayesinin aparıcı nümayəndəliklərinin rəhbərləri çıxış edəcəklər. İclasda dövlət strukturlarının nümayəndələri təmsil etdikləri dövlət idarələrinin fəaliyyəti haqqında məlumat verəcək və inşaat sektorunun inkişafı haqqında CEIBC şirkətlərinin suallarını fərdi qaydada cavablandıracaqlar. Rəsmi hissə tamamlandıqdan sonra isə inşaat sektorunun şirkətləri ilə dövlət strukturlarını təmsil edən nümayəndələr arasında ikitərəfli görüşlər keçiriləcək. Həmçinin, iclasın gedişatında “LTS MMC”, “BAUMA, “Metalcértima” və bir sıra digər tikinti şirkətlərinin təqdimatları da təşkil olunacaq.

“BakuBuild” sərgisi ilə birlikdə daha üç sənaye sahəsinə aid olan ekspozisiyaları – 3-cü Beynəlxalq İstlİk, Havalandırma və Kondİsİyalaşdırma sİstemlərİ, Su təchİzatı, Sanİtarİya, Ətraf Mühİtİn Mühafİzəsİ Texnologİyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerjİ Sərgİsİ  (“Aqua-Therm Baku”), 9-cu Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi (“Caspian MebelExpo”) sərgisi və 4-cü Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisini (“CIPS”) birləşdirir.

“Aqua-Therm Baku” 2011 sərgisi “Bakı Ekspo” mərkəzinin ikinci zalında yerləşəcək. Bu sərgi ekspozisiya sahəsinin intensiv inkişafını (təxminən 40%) əks etdirir. Sərgidə İtaliya, Çin, Danimarka, Rusiya, Türkiyə, İsveç, Finlandiya və digər ölkələri təmsil edən şirkətlər iştirak edirlər. Sevindirici haldır ki, ekspozisiyanın üçdə biri yerli şirkətlərdən ibarətdir. Həmçinin, bu il debütantların sayı da artmışdır. Belə ki, ekspozisiyanın 15 faizi onların payına düşür.

 

Sərgidə məhsulların çeşidi öz müxtəlifliyi ilə fərqlənir. Ənənəvi isitmə sistemləri, izolyasiya materialları, saunalar, ventilyatorlar, hava paylayıcı avadanlıqlar və s. bu kimi məhsullarla yanaşı, ilk dəfə olaraq sərgidə kimya sənayesində istifadə üçün nəzərdə tutulmuş quru buz, portativ sobalar, soyutma qurğularında innovasiyalar, keramik membranlı filtrlər və s. təqdim ediləcək. Sərgi çərçivəsində yeni məhsul və texnologiyalar təqdim edən şirkətlərin stendləri xüsusi “İnnovasiyalar ərazisi” nişanı ilə qeyd ediləcək ki, bu da həmin şirkətləri həm sərgi ərazisində, həm də sərgi planında asanlıqla müəyyən etməyə imkan verəcək. Tədbirin təşkilatçıları “Iteca Caspian”, “Fin-mark Srl.” və “ITE Group plc” şirkətləridir.

 

“Caspian MebelExpo 2011” sərgisi mebel məhsullarının geniş çeşidini nümayiş etdirəcək (mebel qarniturları və aksessuarlar, furniturlar, yeni nəsil komplektləşdiriciləri və bəzək-naxış materialları, habelə dekor və mebel konstruksiyalarının stilistikası, daxili otaqların interyeri və dizaynı sahəsində qabaqcıl dizayn texnologiyaları və orijinal həll variantları, divar kağızları, ev tekstili, işıqlandırma cihazları, güzgülər, büllur və s.). Azərbaycan, Malayziya və Rusiya iştirakçı ölkələr arasında olacaqlar. İlk dəfə sərgidə emal edilməmiş ağacdan hazırlanan mebel nümayiş etdiriləcəkdir.

“CIPS 2011” sərgisində Azərbaycan, İtaliya, Rusiya, Ukrayna, Türkiyə, BƏƏ, Hollandiya, Almaniya və Çexiyadan olan şirkətlər yüksək texnoloji məhsullar təqdim edəcəklər. Sərginin ekspozisiyası təhlükəsizliyin təmin edilməsi ilə bağlı demək olar ki, bütün sahə və istiqamətlər üzrə ən yeni avadanlıq nümunələri, müasir texnologiyalar, ən son nailiyyətlər və layihə təkmilləşdirmələrini ehtiva edir. Sərginin ən iri bölməsi texniki vasitələr və təhlükəsizlik sistemlərinə həsr olunub. Belə ki, sərgidə “Bosch Security Systems”, “SONY Security”, “MOBOTIX AG”, “SIEZA, və s. bu kimi aparıcı şirkətlərin istehsal etdikləri ССTV (gizli müşahidə) kameralarının geniş çeşidi təqdim olunacaq. Sərginin ayrıca bir bölməsi isə yanğın təhlükəsizliyinin təmin edilməsi sistemlərinə həsr olunub və bu bölmədə BƏƏ, Rusiya, Ukraynadan olan şirkətlər kompleks yanğın təhlükəsizliyi sistemləri və bu sistemlərin yaşayış və qeyri-yaşayış binaları üçün nəzərdə tutulmuş həll variantları nümayiş etdiriləcək.

Bütün bu mövzuları ehtiva edən sərgilərin bir yerdə keçirilməsi mümkün qədər çox sayda sazişin bağlanmasına və nəticədə sərgilərin daha səmərəli olmasına şərait yaradacaqdır. Beləliklə, oktyabr ayında Azərbaycanda keçiriləcək “Xəzər inşaat həftəsi-2011” çərçivəsində inşaat, HVAC və təhlükəsizlik sektorlarında fəaliyyət göstərən məşhur istehsalçıların və distribütorların forumu toplaşacaq və bu, sərginin universallığını bir daha təsdiq edəcəkdir. “BakuBuild-2011” sərgisi müasir texnologiyalar bazarının, habelə tikinti materialları və avadanlıqlarının istehsalı, tətbiqi və istismarının bütün əsas istiqamətləri üzrə real nailiyyətləri nümayiş etdirəcək və bu sahənin investisiya baxımından daha da cəlbedici olmasına böyük töhfə verəcəkdir.

Sərgi oktyabr ayının 22-nə kimi davam edəcək.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CaspianMebelExpo
CIPS2011
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  18/10/2021 19/10/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild Azerbaijan is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek